Məhsəti Hüseynova
Məhsəti Hüseynova 2012-ci ildən etibarən gənclər və idman sahəsində fəal fəaliyyət göstərir. O, sağlam qidalanma, qida təhlükəsizliyi, düzgün həyat tərzi, narkomaniya və zərərli vərdişlərin qarşısının alınması, gender bərabərliyi və motivasiya mövzularında həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə məruzəçi və təlimçi kimi çıxış edib.
Bugünədək 250 mindən çox insan onun seminar və təlimlərində iştirak etmişdir. Məhsəti xanım Azərbaycan Gənclər Fondu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, BMT Uşaq Fondu (UNICEF), UNFPA, Sakarya Universiteti və bir çox dövlət və beynəlxalq qurumların layihələrində rəhbər, koordinator və təlimçi olmuşdur.
O, həmçinin “Qida Təhlükəsizliyi Hərəkatı”nın həmtəsisçisi, bir neçə elmi-praktik kitabın müəllifi, www.saglamqida.az
maarifləndirici resursunun yaradıcılarındandır. Məhsəti Hüseynova müxtəlif televiziya və radio proqramlarında gənclərin sağlam həyat tərzi ilə bağlı mütəmadi olaraq çıxış edir.
Siraclı Mirsirac
Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlardan Səmərəli İstifadə” ixtisası üzrə ingilis dilində magistratura təhsilini davam etdirir.
Ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində dərin biliklərə malik olan gənc ekoloqumuz, ekoloji problemlərin həlli üçün innovativ və səmərəli həllər təqdim edərək, gənclərin bu sahədə maariflənməsinə dəstək göstərir.
O, COP29 çərçivəsində keçirilən ekoloji layihələrdə fəal iştirak etmiş, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və karbon neytrallığı kimi mühüm ekoloji məqsədlərə dəstək vermişdir. Bundan əlavə, biomüxtəlifliyin qorunması, təbii resursların səmərəli istifadəsi və yaşıl enerji təşəbbüsləri kimi mövzularda bir çox layihə fəaliyyətlərində yaxından iştirak edir və cəmiyyətdə ekoloji şüurun artırılması üçün müxtəlif maarifləndirmə tədbirləri təşkil edir.
Altun Hacıməmmədov
Altun Hacıməmmədov hazırda Eskişehir Osmangazi Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə təhsil alır və süni intellekt, dərin öyrənmə və kompüter görməsi sahəsində ixtisaslaşır. O, YOLOv5, YOLOv8 və YOLOv11 modellərindən istifadə edərək obyekt aşkarlanması üzrə layihələrdə iştirak etmiş, 30 mindən çox təsvir üzərində xüsusi dataset quraraq “Teknofest Combat UAV Competition” müsabiqəsində finalçı komandada proqram təminatçısı kimi fəaliyyət göstərmişdir.
Python, C, C++, C# dillərində peşəkar bacarıqlara sahib olan Altun, OpenCV, PyTorch, TensorFlow və digər texnologiyalar üzərində real layihələr hazırlamışdır. Onun layihələri arasında elektrikli nəqliyyat vasitələri üçün Voltrix – EV Charging Station Reservation App, futbol oyunçularının performans analizini təmin edən Football Player Heatmap Analysis sistemi, həmçinin müxtəlif idarəetmə və simulyasiya tətbiqləri vardır.
Texniki fəaliyyətlə yanaşı, Altun ictimai işlərdə də aktivdir. O, “Computer and Information Technologies Club”da idarə heyətinin üzvü kimi seminarlar və təlimlər təşkil etmiş, “Youth Contribution” İctimai Birliyində liderlik komitəsində gənclərin inkişafına yönəlmiş layihələrdə iştirak etmişdir.
Gənc mütəxəssis kimi məqsədi süni intellekt və data science sahəsində yeni həllər yaratmaq, eləcə də beynəlxalq səviyyədə faydalı layihələrdə iştirak etməklə texnologiyanın inkişafına töhfə verməkdir.